Əmlakın hüquqi şəxsin balansından silinməsi proseduru

Əmlakın hüquqi şəxsin balansından silinməsi proseduru

Əmlakın hüquqi şəxsin balansından silinməsi proseduru

Ümumi məlumat

Təcrübədə hüquqi şəxslərin köhnəlmiş əmlakının balansdan silinməsinə zərurət yaranır. Bunun üçün qanunvericilikdəki müvafiq prosedura riayət edilməsi tələb olunur.

Qeyd edilməlidir ki, dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrdə balansdan əmlakın silinməsi proseduru qanunvericilikdə birbaşa tənzimlənir, lakin özəl müəssisələrin bu prosedurunu tənzimləyən konkret normativ akt indiyədək qəbul edilməmişdir. Bu səbəbdən təcrübədə özəl hüquqi şəxslərdə əmlakın silinməsi zamanı dövlət müəssisələrində əmlakın silinməsi qaydaları tətbiq edilir.

Əmlakın inventarizasiyası

Əmlakın silinməsi bir neçə mərhələni əhatə edən proseduru nəzərdə tutur. Belə ki, ilk növbədə, inventarizasiya aparılmalıdır. İnventarizasiya aşağıdakı mərhələlərdə həyata keçirilməlidir:

(i) İnventarizasiya komissiyasının yaradılması;

(ii) Əmlakın inventarizasiyası;

(iii) İnventarizasiyanın nəticələrinin rəsmiləşdirilməsi.

Müəssisənin rəhbəri və ya onun müavinlərindən biri komissiyanın sədri, mühasibat xidmətinin rəhbəri isə sədrin müavini olur. Yalnız yararsız hala düşmüş əmlakın ləğv edilməsi məqsədilə inventarizasiya komissiyası yaradıldıqda, o ləğvetmə komissiyası səlahiyyətlərini həyata keçirir.

İnventarizasiya başlamazdan əvvəl maddi-məsul şəxs özündə apardığı uçotun və öhdəsində olan aktivlərin vəziyyəti barədə inventarizasiya komissiyasına məlumat (izahat) verir və inventarizasiya aparılan zaman inventarizasiya komissiyasının bütün üzvləri iştirak etməlidir. İnventarizasiya komissiyası istismara yaramayan, təmir və bərpa olunmağa lüzumu olmayan aktivlərə görə, onların istismara verilməsi tarixi və yararsız hala düşməsi səbəbləri (xarabolma, tam köhnəlmə hesablanması) göstərilməklə, ayrıca siyahı tərtib edir. İnventarizasiyanın nəticələrinə dair müvafiq akt tərtib edilir və təsdiqlənir.

Qeyd edilməlidir ki, əmlak xarab olma nəticəsində yararsız hala düşdükdə, balansdan silinmir və bu halda əmlak istismara yararlı vəziyyətə gətirilməlidir. Əmlak yalnız köhnəlməsi səbəbindən yararsız hala düşdükdə, onun balansdan silinməsi mümkündür və bu halda daşınar əşya üzərində hüquqi şəxsin mülkiyyət hüququnun itirilməsinin balansda əks etdirilməsi üçün ləğv aktı tərtib edilməlidir.

Balansdan silinməsi nəzərdə tutulan əmlakın fiziki taleyinin həlli

Ləğv aktı əsasında silinməsi nəzərdə tutulan əmlak atıldıqda, ilk növbədə atılan əşyaların təhlükəli və ya təhlükəsiz tullantı olması müəyyənləşdirilməlidir. Belə ki, təhlükəli tullantılar tərkibində təhlükəli xüsusiyyətlərə malik partlayıcı, yanma qabiliyyətli, oksidləşdirici, toksiki, infeksion, korroziya təsirinə malik və ekotoksiki maddələr olan, əhalinin sağlamlığı və ətraf mühit üçün bilavasitə və ya potensial təhlükə yaradan tullantılardır.

Balansdan silinən əmlak təhlükəli tullantı hesab edilərsə, ətraf mühitə və insan sağlamlığına zərərli təsir riskinin qarşısını almaq məqsədi ilə təhlükəli tullantıların müəssisənin ərazisində 6 aydan çox saxlanılması yolverilməzdir və tullantıların yerləşdirilmə obyektinə (təhlükəli tullantılar poliqonuna) təhvil verilməlidir. Təhlükəsiz olan istehsalat tullantılarının məişət tullantıları üçün nəzərdə tutulmuş tutulmalarda (urnalarda) yerləşdirilməsinə yol verilmir, əks təqdirdə həmin əmələ görə məsuliyyət nəzərdə tutulur.

Silinməsi nəzərdə tutulan əmlakın atılmasının rəsmiləşdirilməsi

Təhlükəli tullantıların təhvil verilməsi üçün müqavilə bağlanmamışdan əvvəl dövlət ekoloji ekspertizası üzrə müsbət rəy əldə edilməlidir. İstər təhlükəli, istərsə də, təhlükəsiz tullantıların tullantı müəssisələrində təhvil-qəbulu müqavilə və təhvil-təslim aktı ilə sənədləşdirilməlidir.

Silinməsi nəzərdə tutulan əmlakın digər məhvetmə üsullarının rəsmiləşdirilməsi

Silinməsi nəzərdə tutulan əmlakın torpağa basdırılma və yandırılma üsulu ilə məhv edilməsi zamanı rəsmiləşdirilmə qaydası barədə qanunvericilikdə hər hansı bir tələb nəzərdə tutulmamışdır. Buna baxmayaraq, əmlakın silinməsinin qanuni şəkildə balansda əks etdirilə bilməsi üçün əmlakın torpağa basdırılma və yandırılma üsulu ilə məhvinə dair akt tərtib edilməsi məqsədəuyğun hesab edilə bilər.

 

* * * * * * * * * * * * * * * * * * * * * * * * ** * *

 

Qeyd: Əmlakın hüquqi şəxsin balansından silinməsi prosedurunun icrası fərdi xarakter daşıdığından hər bir işin xüsusiyyətindən asılı olaraq sənədləşmə fərqlənə bilər. Bu baxımdan həmin prosedurun həyata keçirilməsi ilə əlaqədar peşəkar hüquqi dəstək almağı ciddi tövsiyə edirik. Bununla əlaqədar olaraq bizimlə əlaqə saxlaya və peşəkar hüquqi xidmətlərimizdən yararlana bilərsiniz.

 

Hörmətlə,

Bonafide Hüquq Şirkəti