Şirkətin maliyyələşdirilməsi üsulları
Ümumi məlumat
Günümüzdə kommersiya hüquqi şəxslərin maliyyələşdirilməsi onun fəaliyyətinin dayanıqlı olması və inkişafı üçün ən vacib amillərdən hesab edilir. Şirkətin öz gəlirlərindən savayı, digər maliyyələşdirilmə üsulları da uğurlu biznes inkişafı üçün daima nəzərdə saxlanılmalıdır. Şirkətin maliyyələşdirilməsi üçün praktikada geniş yayılmış aşağıdakı üsulları mövcuddur:
(i) nizamnamə kapitalının artırılması;
(ii) törəmə müəssisənin yaradılması;
(iii) borc (o cümlədən kredit və istiqraz);
(iv) investisiya;
(v) qrant;
(vi) büdcə vəsaitinin köçürülməsi.
Nizamnamə kapitalının artırılması
Nizamnamə kapitalının artırılması kommersiya təşkilatının növündən asılı olaraq qanunla müəyyən olunmuş qaydalar çərçivəsində həyata keçirilir. Məhdud məsuliyyətli cəmiyyətdə (bundan sonra – “MMC”) nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən səhmdar cəmiyyətində isə səhmlərinin nominal dəyərindən təşkil olunur. Cəmiyyətlərdə MMC-nin nizamnamə kapitalı aşağıdakı üsullarla artırıla bilər:
(i) İştirakçıların nizamnamə kapitalındakı mayalarının dəyərinin artırılması;
(ii) İştirakçılar tərəfindən əlavə maya qoyulması;
(iii) 3-cü şəxsin cəmiyyətə iştirakçı kimi qəbul edilməsi və maya qoyması;
(iv) Cəmiyyətə qarşı pul tələbi olan şəxslərin pul tələblərinin həmin cəmiyyətin nizamnamə kapitalında payla əvəzləşdirməsi.
Nizamnamə kapitalının artırılması barədə ümumi yığıncaq qərarı, nizamnamədə ayrı qayda nəzərdə tutulmamışdırsa, sadə səs çoxluğu ilə, 4-cü üsulla nizamnamə kapitalının artırılması barədə ümumi yığıncaq qərarı isə yekdilliklə qəbul edilir.
Səhmdar cəmiyyətlərin (açıq və qapalı səhmdar cəmiyyətinin) nizamnamə kapitalı səhmlərdən ibarət olduğundan həmin kapitalın artırılması aşağıdakı üsullarla həyata keçirilir:
(i) Səhmlərin nominal dəyərini artırılması;
(ii) Əlavə səhmlərin buraxılması;
(iii) Əlavə buraxılmış səhmlərin səhmdar cəmiyyətinə qarşı pul tələbi olan şəxslərin pul tələbi ilə əvəzləşdirilməsi.
Qeyd edilən üsullardan sonuncusu (3-cüsü) yalnız qapalı səhmdar cəmiyyətlərdə həyata keçirilə bilər.
İstənilən üsulla nizamnamə kapitalının artırılması barədə ümumi yığıncaq qərarı səsvermə hüququna malik olan səhmdarların 2/3 səs çoxluğu ilə qəbul edilir. Banklarda belə qərarlar isə yığıncaqda təmsil edilən səhmdarların 75% səs çoxluğu ilə qəbul olunur.
Törəmə müəssisənin yaradılması
Şirkətin maliyyələşdirilməsinin digər üsulu kimi törəmə müəssisənin yaradılmasından istifadə edilir. Törəmə müəssisə dedikdə 1 şirkətin digər şirkətlə birlikdə birgə təsərrüfat cəmiyyəti yaratması başa düşülür. Yatırılmış sərmayənin qorunması üçün maliyyələşmə üsulu olaraq birgə təsərrüfat cəmiyyətinin yaradılması daha əlverişli üsuldur.
Borc müqaviləsinin bağlanması
Şirkətin maliyyələşdirilməsinin digər üsulu borc (kredit) müqaviləsinin bağlanılmasıdır. Borc (kredit) müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
Hüquqi şəxsin iştirak etdiyi borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir və borcun verilməsinə görə faizin məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Borc müqaviləsindən fərqli olaraq kredit müqaviləsində kredit verən tərəf qismində banklar, xarici bankların yerli filialları və bank olmayan kredit təşkilatları çıxış edə bilər.
İstiqraz buraxılması
Borc vasitəsilə şirkətin maliyyələşdirilməsinin digər üsulu istiqrazların emissiyasıdır. İstiqraz emitentin (istiqraz buraxanın) istiqraz mülkiyyətçisinə borclu olduğunu təsdiqləyən və şərtlərindən asılı olaraq, müəyyən edilmiş tarixdə faiz (yaxud diskont) və əsas məbləği ödənilən borc investisiya qiymətli kağızıdır.
İstiqrazdan irəli gələn öhdəliklər girovla, qarantiya ilə, həmçinin dövlət və ya bələdiyyə zəmanəti ilə təmin oluna bilər və bu zaman həmin istiqraz təmin edilmiş istiqraz hesab edilir. İstiqraz buraxılışı haqqında qərarı emitentin nizamnaməsi ilə müəyyən edilən orqanı qəbul edir.
İnvestisiya müqaviləsinin bağlanması
Şirkətin maliyyələşdirilməsi növbəti üsulu investisiya müqaviləsinin bağlanmasıdır. İnvestisiya müqaviləsinə əsasən 2 və ya daha çox tərəf qazanc əldə etmək məqsədilə hər hansı bir layihəyə sərmayə yatırırlar, əldə edilən qazanc müqavilədə razılaşdırılmış şərtlərə uyğun şəkildə tərəflər arasında bölüşdürülür.
Qrant
Maliyyələşdirilmə üsulu kimi qrantları da qeyd etmək zəruridir. Qrant yalnız konkret məqsəd üçün verilir. Qrant maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada verilir. Qrant təmənnasız verilir, onun əvəzi hər hansı bir şəkildə geri istənilə bilməz. Kommersiya hüquqi şəxsləri qrant verən (donor) ola bildiyi halda, heç bir halda qrant alan (resipiyent) ola bilməzlər. Qrant alan qismində yalnız qeyri-kommersiya hüquqi şəxslər ola bilər. Qrant yalnız müqavilədə və ya onun ayrılması haqqında qərarda göstərilən məqsədlərin həyata keçirilməsi üçün istifadə oluna bilər.
Büdcə vəsaitinin köçürülməsi
Şirkətin maliyyələşdirilməsinin digər bir üsulu isə büdcə vəsaitinin köçürülməsidir. Qüvvədə olan qanunvericiliyə əsasən büdcə vəsaitlərinin hüquqi şəxslərə köçürülməsi bir neçə təyinatla aparıla bilər. Qanunvericiliyə əsasən hüquqi şəxslərə köçürmələr (i) büdcə ssudası, (ii) subsidiya və (iii) dövlət şirkətlərinə investisiya qoyuluşu şəklində verilə bilər.
Subsidiya dövlət büdcəsindən əvəzsiz verilən maliyyə vəsaitidir. Subsidiya əsasən ictimai əhəmiyyət kəsb edən və zərərlə çalışan sahələrin dəstəklənməsi, həmin zərərin qarşılanması məqsədilə verilir. Buna misal olaraq “Bakı Metropoliteni”, “Azərbaycan Hava Yolları” QSC-lərə, və kənd təsərrüfatına dövlət tərəfindən ayrılan subsidiyaları göstərmək olar.
Büdcə ssudaları isə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən (verildiyi büdcə ili ərzində qaytarılmaq şərti ilə) il ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir.
Büdcə vəsaiti hesabına investisiya qoyuluşunun dövlət şirkətləri vasitəsilə də həyata keçirilməsi mümkündür. Buna misal olaraq Prezidentin sərəncamı əsasında yaradılmış “Azərbaycan İnvestisiya Şirkəti” ASC-ni qeyd etmək olar. Həmin şirkətin fəaliyyətinin məqsədi, əsasən, iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafını təmin edən və ölkə daxilində və ya ölkə xaricində həyata keçirilən layihələrə investisiya qoyuluşunun, o cümlədən bu sahələrdə fəaliyyət göstərən təsərrüfat cəmiyyətlərinin və digər kommersiya təşkilatlarının nizamnamə kapitalındakı iştirak payını (səhmlərini) almaqla müddətli investisiya qoyuluşunun həyata keçirilməsidir.
Göründüyü kimi, dövlət tərəfindən hüquqi şəxslərə investisiya yatırımı büdcə vəsaitinin aralıq hüquqi şəxsin (dövlət tərəfindən təsis edilmiş “Azərbaycan İnvestisiya Şirkəti”) nizamnamə kapitalına yatırılması, həmin vəsaitin isə sonradan başqa hüquqi şəxslərin nizamnamə kapitalına qoyuluşu yolu ilə baş verir.
* * * * * * * * * * * * * * * * * * * * * * * * ** * *
Hüquqi şəxslərin maliyyələşdirilməsi üzrə Şirkətimiz uzunmüddətli və effektiv təcrübəyə malikdir və bununla bağlı Şirkətimiz peşəkar hüquqi xidmətlər göstərir. Bu sahədə sual və xidmət istəklərinizi bizə göndərə bilərsiniz, komandamız məmnuniyyətlə sizə dəstək verməyə hazırdır.
Hörmətlə,
Bonafide Hüquq Şirkəti