Şirkət rəhbərinin fidusiar öhdəlikləri

Şirkət rəhbərinin fidusiar öhdəlikləri

Şirkət rəhbərinin fidusiar öhdəlikləri

Şirkət rəhbərinin fidusiar öhdəlikləri

Ümumi məlumat

Korporativ idarəetmədə Şirkəti təmsil edən şəxslərin (direktorlar şurasının, rəhbərlərin) fəaliyyəti üzərində tam nəzarətin mümkün olmaması həmin şəxslərin (fidusiarların) məsuliyyəti ilə balanslaşdırılır. Şirkətin direktorunun, onun adından çıxış edən şəxsin, o cümlədən idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsin şirkətə qarşı loyal, vicdanlı olmaq, zəruri ehtiyatla hərəkət etmək kimi bir sıra öhdəlikləri vardır. Belə öhdəliklər fidusiar öhdəliklər adlanır. Həmçinin həmin öhdəliklərə ədəbiyyatda “sədaqət öhdəlikləri” kimi adlandırılır.

Korporativ hüquqda şirkət rəhbərlərinin fidusiar öhdəlikləri 3 əsas kateqoriyaya bölünür:

(i) şirkətə qarşı loyal (sadiq) olmaq;

(ii) vicdanlı olmaq;

(iii) lazımi ehtiyatlılıqla hərəkət etmək.

Fidusiar öhdəliklər

Azərbaycan Respublikasının qanunvericiliyində də şirkətin idarəetmə orqanlarının (icra orqanı, direktorlar şurası) bəzi fidusiar öhdəlikləri müəyyən edilmişdir. Belə ki, şirkət adından çıxış edən şəxs təmsil etdiyi şirkətin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən (i) vicdanla, (ii) peşəkar qaydada və (iii) məntiqlə hərəkət etmək, (iv) şirkətin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və (v) şirkətin maraqlarını öz maraqlarından üstün tutmaq, (vi) ehtiyatlı olmaq, (vii) habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur.

Bütün hallarda şirkət üçün baş vermiş mənfi nəticələr öz-özlüyündə şirkət adından çıxış edən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) vicdansız və (və ya) qeyri-peşəkar və məntiqsiz olmasına dəlalət etmir, çünki bu cür mənfi halların yaranması sahibkarlıq (maliyyə) riski nəticəsində baş verə bilər. Şirkət adından çıxış edən şəxsin hərəkətləri (hərəkətsizliyi) sahibkarlıq (maliyyə) riskini aşmadığı halda o, şirkətə vurulmuş ziyana görə məsuliyyətə cəlb edilə bilməz. Şirkət adından çıxış edən şəxsin şirkət üçün arzuolunmaz nəticələrə səbəb olmuş hərəkətlərinin (hərəkətsizliyinin) vicdansızlığına və (və ya) qeyri-peşəkarlığınaməntiqsizliyinə dəlalət edən halların mövcudluğu sübuta yetirilməlidir.

Şirkət adından çıxış edən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) vicdansızlığına aşağıdakı hallar aid edilir: (i) əgər şirkət adından çıxış edən şəxs öz şəxsi maraqları ilə şirkətin maraqları toqquşduğu halda hərəkət etmişsə, tərəfindən bağlanmış əqd haqqında məlumatı şirkətin iştirakçılarından gizlətmişsə və ya qeyri-dəqiq məlumatlar vermişsə, əqdi, qanunvericinin və ya nizamnamənin tələb etdiyi şirkətin orqanının müvafiq razılığı olmadan bağlamışsa və ya (ii) hərəkətlərinin törədildiyi anda şirkətin maraqlarına cavab vermədiyini bilirdi və ya bilməli idisə, məsələn, əqdi şirkət üçün aşkar surətdə əlverişsiz olan şərtlərlə və ya öhdəliklərini aşkar şəkildə yerinə yetirə bilməyəcək şəxslə bağlamışsa.

Şirkət adından çıxış edən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) qeyri-peşəkarlığı məntiqsizliyinə aşağıdakı hallar aid edilir: əgər şirkət adından çıxış edən şəxs (i) ona məlum olan əhəmiyyətli məlumatı nəzərə almadan qərar qəbul etmişsə, (ii) qərarın qəbulu üçün əhəmiyyətli və lazımi olan məlumatın əldə edilməsi üçün heç bir tədbir görməmişsə və ya (iii) müqaviləni müvafiq şirkətdə tələb olunan daxili prosedura riayət etmədən (hüquq şöbəsi ilə, mühasibatlıqla razılaşdırmadan) bağlamışsa.

Fidusiar öhdəliklərin pozuntusuna görə məsuliyyət

Şirkət mənafeləri üçün yuxarıda göstərilən vəzifələri yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən şirkət rəhbəri şirkətə və ya səhmdara (payçıya) dəyən zərərə görə aşağıdakı hallarda məsuliyyət daşıyır:

(i) şirkət zərərlə işlədiyi halda və ya şirkətin mənfəətinə qeyri-mütənasib həcmdə şirkətin idarəetmə orqanlarının üzvlərinə bonusların ödənilməsi;

(ii) şirkətin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi;

(iii) şirkətə aidiyyəti olan şəxslərlə qanunun tələblərini pozan və ya şirkətin maraqlarına təhlükə yaradan müqavilələrin bağlanması;

(iv) şirkətin bağlanmış müqavilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alması;

(v) özü üçün, şirkətə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə şirkətin əmlakının mənimsənilməsi və ya israf edilməsi;

(vi) səhmdarlara (payçılara) münasibətdə ədalətsiz və ya onlara ziyan vuran əqdlərin bağlanması.

Qeyd edilən hallara səbəb olan əqd şirkət tərəfindən etibarsız hesab edilməsi ilə bağlı mübahisələndirilə bilər və şirkətin nizamnamə kapitalında ən azı 5% paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə şirkətin rəhbərinə qarşı şirkətə dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia irəli sürülə bilər.

Həmçinin fidusiar öhdəliklərin pozulması cinayət məsuliyyətinə də səbəb ola bilir. Belə ki, həmin şəxs (i) mənimsəmə və ya israfetmə, (ii) hüquqi şəxslərə aidiyyəti olan şəxslərlə əqdlərin bağlanması qaydalarının pozulması, yaxud belə əqdlərlə əlaqədar qanunla müəyyən edilmiş qaydada məlumatların təqdim edilməməsi, həmçinin (iii) vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərinə görə məsuliyyətə cəlb edilə bilər.

Beləliklə, qanunvericiliyin tələbinə əsasən şirkətin təmsilçisi öz səlahiyyətlərini həyata keçirərkən - vicdanlı, peşəkar, ehtiyatlı, ədalətli və şirkətin maraqlarına sadiq olmaqla bağlı vəzifə daşıyır. Qeyd edilən fidusiar öhdəliklərin pozulması nəticəsində şirkət adından çıxış edən şəxs şirkətə dəyən zərərə görə həm mülki, həm də cinayət məsuliyyəti daşıyır.

* * * * * * * * * * * * * * * * * * * * * * * * *

Qeyd: Bu məqaləni təşkil edən məlumatlar hüquqi məsləhət və ya hüquqi rəy kimi şərh edilməməlidir.


Fidusiar öhdəliklərin pozulmasına qarşı hüquq müdafiə tədbirlərinin görülməsi üzrə Şirkətimiz uzunmüddətli və effektiv təcrübəyə malikdir və bununla bağlı Şirkətimiz peşəkar hüquq xidmətlər göstərir.

Əlavə sual və məlumat üçün bizimlə əlaqə saxlayın:

Email: office@bonafide.az; Tel: +994125973047; Whatsapp: +994707103785;


 

 

Hörmətlə,

Bonafide Hüquq Şirkəti