Arif Əyyubov şirkətin idarəedici partnyorudur. BONAFIDE şirkətinə qoşulmazdan əvvəl Arif Azərbaycanın bir sıra dövlət qurumlarında müxtəlif böyük vəzifələrdə, o cümlədən Baş Prokurorluqda prokuror və Bakı Apellyasiya Məhkəməsində məhkəmə katibi vəzifələrində çalışmışdır.
Arif cinayət, vergi, əmək, pensiya, anti-korrupsiya, korporativ və kommersiya hüquqları üzrə ixtisaslaşmışdır. O, müntəzəm olaraq müştərilərə hüquqi şəxslərin təsis edilməsi, yenidən təşkili və idarə edilməsi, gömrük rəsmiləşdirməsi, AML (çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə), hüquqi şəxslərin cinayət məsuliyyəti və s. məsələlər üzrə məsləhətlər verir.
Arif Vəkillər Kollegiyasının üzvüdür və müştəriləri məhkəmə proseslərində, o cümlədən Ali Məhkəmə və Konstitusiya Məhkəməsində təmsil etmək hüququna malikdir.
O həmçinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Apellyasiya Arbitraj Tribunalının və Azərbaycan Respublikası Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təkmilləşdirilməsi” işçi qrupunun üzvüdür.
Arif Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında hüquq üzrə bakalavr və Bakı Dövlət Universitetində konstitusiya hüququ üzrə magistr təhsili almışdır. O, magistr təhsilini Avstriyanın Beynəlxalq Anti-Korrupsiya Akademiyasında başa vurmuşdur.